Rusiyanın Ukraynaya hücumu Moskvada milyarderlərin sayını artırıb

12:50 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “Forbes” jurnalının son araşdırmasına görə, Moskva dünyanın ən çox dollar milyarderləri olan ilk 10 şəhəri siyahısına altıncı yerdədir. Moskvada 61 milyarder yaşayır.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Ukraynada davam etdirdiyi müharibə və Qərbin sanksiyaları rus zənginlərin reytinqinə mənfi təsir göstərməyib, əksinə, Moskva milyarderlərin sayına görə yeddinci yerdən altıncı yerə yüksəlib.

Daha da diqqətçəkən odur ki, Moskva bu milyarderlərin ümumi sərvətinin həcminə görə dünyada üçüncü yerdədir. Onların ümumi sərvəti 2022-ci illə müqayisədə 92 milyard dollar artaraq 307 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Nyu-York 617 milyard dollarla birinci, Paris isə 409 milyard dollarla ikincidir.

“Forbes” bildirir ki, Moskva milyarderlərinin təxminən üçdə ikisi bir il ərzində sərvətlərini artırıb. Moskvanın ən zəngin milyarderinin sərvəti 23,7 milyard dollardır və bu şəxs “İnterros”un rəhbəri Vladimir Potanindir. Həftə ərzində EuroChem və SUEK-in tərəfdaşlarından olan Andrey Melniçenko 25,2 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı iş adamı elan edilib. Melniçenko İsveçrədə yaşayır.

Xatırladaq ki, milyarderlərin sayına görə Nyu-York birincidir (101 milyarder, ümumi sərvəti 616,8 milyard dollar). İkinci yerdə Honq-Konq (70 milyarder, ümumi sərvəti 286,8 milyard dollar), üçüncü yerdə Pekindir (68 milyarder, ümumi sərvəti 247,2 milyard dollardır).